REGİONLAR
Tovuzda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görülür
Tovuz, 24 avqust, AZƏRTAC
Tovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyul aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 16 min 29 baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 14 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxan heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.
Bundan əlavə, qarayara xəstəliyinə qarşı 44 min 198 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 14 min 843 baş iribuynuzlu heyvan, dabaq xəstəliyinə qarşı 36 min 315 baş iribuynuzlu və 135 min 325 baş xırdabuynuzlu ev heyvanı peyvənd edilib. Yoluxucu xəstəliklərin qarşısının alınması üçün 7 obyektin 734 kvadratmetr sahəsi məcburi dezinfeksiya edilib.