REGİONLAR
Tovuzda polis veteranları və xidmətdə fərqlənən bir qrup polis əməkdaşı mükafatlandırılıb
Tovuz, 2 iyul, Famil Quliyev, AZƏRTAC
Azərbaycan polisinin yaranmasının 97-ci ildönümü ilə əlaqədar Tovuzda təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzinə gəlib. Onlar burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olub, Ulu Öndər haqqında sənədli filmə baxıblar.
Rayon polis şöbəsində davam edən tədbirdə şöbənin rəisi, polis polkovniki Şirzad Əsgərov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Çıxış edənlər polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.