REGİONLAR
Tovuzda referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılıb
Tovuz, 27 iyul, AZƏRTAC
İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncağı YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açıb. Bildirilib ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması və kütləvi informasiya vasitələrində dərc edilməsi qərara alınıb. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyəti orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, bütövlükdə Azərbaycan xalqının mənafeyindən irəli gələn dəyişikliklərdir. Referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə (referenduma) çıxarılır.
Məzahir Bayramov referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək əminliyini bildirib ki, “Yeni Azərbaycan” təşviqat qrupu üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək. Əsas məqsəd Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.
YAP Tovuz rayon təşkilatının İdarə heyətinin üzvü Arifə Ağayeva çıxışında Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin zəruri olduğunu vurğulayıb. O, təşəbbüs qrupunun bundan sonrakı fəaliyyəti və aparacağı kampaniya üçün təqdim olunan səlahiyyətli nümayəndələrin təsdiq edilməsini təklif edib.
Təşkilatın üzvü Mayıl Hümbətov bildirib ki, bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir. Əminik ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.
İclasın sonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfərdən ibarət nümayəndənin müəyyən edilməsi barədə qərar qəbul edilib.