REGİONLAR
Tovuzda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 309 min manat güzəştli kredit verilib
Bakı, 20 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun aprelin 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tovuzda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 309 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə, isə indiyədək Tovuz rayonundan olan 556 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib. 90-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, kartofçuluq, istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 232,4 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Tovuz rayonunda dövlətin güzəştli krediti ayrılan kartofçuluq təsərrüfatına baxış keçirilib.