REGİONLAR
Tovuzlu bağban: Meyvə ağacı hər il budanarsa, ömrü 60 il uzanar
Tovuz, 27 fevral, Famil Quliyev, AZƏRTAC
Meyvə və tərəvəzçilik kənd təsərrüfatının gəlirli sahələrindəndir. Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər meyvəçiliyə maraq artmaqdadır.
Tovuzlu təsərrüfat sahibləri meyvə bağlarından yüksək gəlir əldə etdiklərinə görə son illər bu sahəyə daha çox diqqət yetirirlər. Ötən il bağlardan 15 min tondan çox meyvə toplanılıb. Bu il də havalar normal keçərsə, məhsuldarlığın yüksək olacağı gözlənilir.
Hazırda bağlarda qızğın yaz işləri gedir, ağacların quru budanması həyata keçirilir. Bağ sahibləri bu prosesin məhsuldarlıq üçün olduqca vacib olduğunu deyirlər.
Bağban Hümbət Mehralıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, ağac budandıqda cavanlaşır, məhsuldarlığı artır. Cavan budağı saxlayır, köhnə budağı kəsirik, hansıkı məhsuldarlığa yaramır. Budamada ağac 100 faiz cavanlaşır, həm də məhsuldarlıq artır.
Meyvə ağaclarının yaxşı böyüməsi, inkişafı, bol və keyfiyyətli məhsul verməsi üçün mövcud torpaq-iqlim şəraiti də olduqca əlverişlidir. Yaxşı haldır ki, son vaxtlar rayonda yeni meyvə bağlarının salınmasına daha çox diqqət yetirilir. Bağlardan yüksək məhsulun götürülməsi yaz fəslində aqrotexniki tədbirlərin düzgün yerinə yetirilməsindən asılıdır. Budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır.
Bağban İsgəndər Zeynalov deyib: “Bağımdakı ağacların təxminən 15 yaşı var. Quru budama aparılmasa, 20 yaşına çatmamış quruyar. Hər il budanarsa, ağacın ömrü 60 il uzanar. Bir ədəd yaşlı xurma ağacı bir ildə 150 kiloqram meyvə verir. Budanarsa, məhsul bir qədər də çox olar”.
Qeyd edək ki, Tovuz rayonunda min hektara yaxın meyvə bağı var. Sahibkarlar bu il əlavə 10 hektar sahədə yeni meyvə bağı salıblar. Yeni bağlarda əsasən alma, armud, fındıq və s. meyvə ağacları əkilib.