REGİONLAR
Tovuzlu fermer: Hektardan 35-40 ton kartof yığılır VİDEO
Tovuz, 21 iyul, Famil Quliyev, AZƏRTAC
Kartof demək olar ki, Tovuz rayonunun bütün kəndlərində əkilir. Hazırda aran ərazilərdə kartofun yığımı aparılır. Dağ kəndlərində də bir qədər sonra yığıma başlanılacaq.
Texnika və əl əməyi ilə yığılan kartofun məhsuldarlığı da yaxşıdır. Bəzi fermerlər məhsulu saxlamağa üstünlük versə də, əksəriyyəti elə sahədə satışını həyata keçirir. Hazırkı qiymətlər də onları qane edir.
Fermer Fərhad Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Məhsuldarlıq yaxşıdır. Əkdiyimiz kartofun toxumu Rusiyadan gətirilib. Əvvəl məhsulu elə sahədəcə kiloqramını 40 qəpiyə satmışam. İndi isə 30 qəpikdir. Bu da məni qane edir. Çünki hektardan 35-40 ton məhsul yığılır.”
Tovuz rayonu daha çox kartofçuluq və üzümçülük üzrə ixtisaslaşıb. Ölkəmizin hər yerində olduğu kimi, rayonda da sahibkarlığa göstərilən qayğıdan bəhrələnən torpaq mülkiyyətçiləri əkin sahələrinin becərilməsinə və məhsul istehsalına diqqəti artırıblar. Bu il rayonda 8 min hektara yaxın sahədə yüksək keyfiyyətli kartof toxumu əkilib. Ziyanvericilərə və xəstəliklərə qarşı vaxtından mübarizə aparılıb, preparatlardan istifadə edilib. Növbəti ildə fermerlər əkin sahələrini bir qədər də genişləndirməyi planlaşdırırlar.