REGİONLAR
Tovuzlu fermerlər bu il hər hektardan 25-35 ton kartof gözləyirlər
Tovuz, 22 may, AZƏRTAC
Yazın yaxşı gəlməsi, havaların növbə ilə yağmurlu və günəşli keçməsi Tovuz rayonunda kartofçuluqla məşğul olan fermerlərin işini xeyli asanlaşdırıb. Belə ki, bitkilər suvarılmadan normal boy atır, inkişaf edir.
Gənc fermer, Əyyublu kənd sakini Vüsal Abbasov AZƏRTAC-a bildirib ki, hazırda əkin sahəsində xəstəliklərə və kolarado böcəyinə qarşı dərmanlama işləri aparılır. Havaların yağmurlu keçməsinin üstün cəhətləri çoxdur. Əvvəla, ötən illərdə bu vaxtlar azı iki dəfə suvarma aparmaq lazım gəlirdi. İndi isə birinci suvarma bitki çiçək açandan sonra aparılacaq. Bu isə əlavə zəhmət və xərcin qarşısını alır. İkincisi, bu, məhsuldarlığa da yaxşı təsir göstərir. Çiçəkləmə dövrünə qədər suvarılmayan kartof kolları daha çox məhsul verir.
Beş hektar sahədə kartof beçərən V.Abbasov onu da qeyd etdi ki, bu il Əyyublu kəndinin fermerləri hər hektardan 25-35 ton məhsul gözləyirlər.