REGİONLAR
Tovuzluların Novruz sevinci
Tovuz, 20 mart, AZƏRTAC
Tovuz şəhərində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tovuzluları bayram münasibətilə təbrik edərək, ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini vurğulayıb.
Bildirilib ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir necə ildir UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Sonra tonqal qalanıb, müxtəlif milli oyunlar, idmançıların yarışı, Novruz adət-ənənələri, şirniyyatlardan ibarət “Novruz” sərgisi nümayiş etdirilib. Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.