DÜNYA
Toyota şirkəti elektromobillərini Tailandda sınaqdan keçirəcək
Tokio, 5 avqust, AZƏRTAC
Yaponiyanın Toyota şirkəti istehsal etdiyi kiçik ölçülü elektromobillərini cari ilin sonlarında Tailandda sınaqdan keçirməyi planlaşdırır.
Şirkətin rəsmi nümayəndələrinin bildirdiyinə görə, bir nəfərlik super-kompakt elektromobilin iki il davam edəcək sınaqları dekabrda Banqkokda başlayacaq.
Toyota bu sınaqları Tailand Universiteti ilə birlikdə keçirəcək. Təqribən 30 ədəd bir nəfərlik elektromobil kampus ərazisində hərəkət məqsədilə universitetin müəllim və tələbələrinin ixtiyarına veriləcək.
Şirkətin rəsmi nümayəndələrinin qənaətinə görə, kompakt elektromobillərin qısa məsafələr üçün istifadəsi Tailand kimi Asiyanın digər inkişaf etməkdə olan ölkələrində də tıxacların və istifadə edilmiş karbon qazlının havaya buraxılmasının qarşısını almağa yardım edəcək.
Toyota şirkəti sınaqlar vasitəsilə elektromobillərin kütləvi istifadəsi zamanı yarana biləcək problemləri aydınlaşdırmaq niyyətindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio