İQTİSADİYYAT
“TransCaspian” 2016 Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi öz işinə başlayıb
Bakı, 11 may, Elvin Camalov, AZƏRTAC
Mayın 11-də Baku Ekspo Mərkəzində “Road and Traffic 2016” VI Beynəlxalq Xəzər “Yol infrastrukturu və İctimai nəqliyyat”, “TransCaspian 2016” XV Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, Azərbaycanda yol-nəqliyyat infrastrukturunda sürətli inkişaf mövcuddur. Bu infrastrukturun inkişafında “İpək yolu” layihəsinin rolu böyükdür. Yeni, müasir texnologiyaların inkişafı olmadan yol-nəqliyyat infrastrukturunun inkişafını təsəvvür etmək mümkün deyil.
Nazir qeyd edib ki, sərgidə yol-nəqlıyyat infrastrukturunda istifadə olunan müasir texnologiyalar iştirakçılara təqdim olunur. Sərginin vacibliyini vurğulayan nazir burada 75-ə yaxın şirkətin iştirak etdiyini və onlardan təxminən 40-a yaxının xarici şirkət olduğunu bildirib.
Nazir Azərbaycanda həyata keçirilən və ölkəmizin iştirak etdiyi beynəlxalq layihələrdən söz açıb, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini, inkişafa müsbət təsirini bildirib.
“İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bu il özünün 15 illik yubileyini qeyd edən “TransCaspian” sərgisinin keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrildiyini söyləyib.
O bildirib ki, ənənəvi olaraq “TransCaspian” sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində “TransCaspian” sərgisində təxminən 700 şirkət iştirak edib.
Sərgi mərkəzinin foyesində Azərbaycan markalarından ibarət pavilyon də yerləşir. Bütün markalar “Azərmarka” şirkəti tərəfindən təqdim olunur və “Nəqliyyat və logistika” mövzusuna həsr olunur.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən dəstəklənir.
Sərgidə Azərbaycan, Avstriya, Belarus, Almaniya, Qazaxıstan, Litva, Rusiya, Fransa və Türkiyəni təmsil edən 75 şirkət iştirak edir.
3 gün davam edəcək sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da öz stendi ilə təmsil olunur.