İQTİSADİYYAT
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri Bakıda dördtərəfli görüşdə müzakirə olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri Bakıda dördtərəfli görüşdə müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dekabrın 7-də “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşündə aparılıb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər.
“Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, Türkiyə Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt çıxış edərək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.
Görüşün sonunda anlaşma memorandumu imzalanıb.
Tədbirdə, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.
Xatırladaq ki, avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çindən gələn ilk konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq mümkün olub. Daha sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomand ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.