DÜNYA
Tropik meşələr qlobal istiləşməyə davamlıdır
Bakı, 16 mart (AZƏRTAC). Ehtimal ki, tropik meşələr qlobal istiləşmənin nəticələrinə uyğunlaşa bilən yeganə ekosistemdir. Böyük Britaniya, ABŞ, Avstraliya və Braziliyadan klimatoloqlardan və ekoloqlardan ibarət tədqiqat qrupu Cənubi Amerika, Afrika və Asiyadakı tropik meşələrin atmosferdəki istixana qazlarına reaksiyasının 22 kompyuter modelindən istifadə etmişdir. Nəticədə aydınlaşdırılmışdır ki, tropik meşələrin insanın fəaliyyətinin səbəb olduğu qlobal istiləşmədən biokütləsini itirmək şansı çox azdır.
Tropik meşələr Yerin iqlimi üçün böyük əhəmiyyət daşıyır. CO2 tullantılarının azaldılması üzrə proqramların effektiv işləməsi üçün oksigenin xeyli hissəsini udan tropik meşələrin sabitliyi vacibdir. Modelləşdirmənin gedişində alimlər Amerikada 22 modeldən yalnız birində meşə örtüyünün zərər çəkdiyini müəyyənləşdirmişlər. Beləliklə, modelləşdirmə göstərir ki, tropik meşələr istixana qazlarının artan tullantılarına əhəmiyyətli itkiyə uğramadan davam gətirə bilərlər.
Lakin alimlər diqqətə çatdırırlar ki, modellərdə bir çox qeyri-müəyyən amillər, ilk növbədə, bitkilərin fizioloji proseslərində fərqlər vardır. Bütövlükdə, tropik meşələrin ekologiyası modellərinin qeyri-müəyyənlikləri iqlim proqnozlarında olduğundan əhəmiyyətli dərəcədə böyükdür. Lakin buna baxmayaraq, alimlər hesab edirlər ki, Amerika (Amazoniya və Mərkəzi Amerika), Afrika və Asiya ölkələrinin tropik meşələri qlobal istiləşmədən elə də böyük zərər çəkmir.