REGİONLAR
Tullantılar arasından toplanan 120 kiloqramdan çox qəpik uşaqlar üçün Novruz hədiyyəsinə çevrilib VİDEO
Hacıqabul, 14 mart, Mahir Babayev, AZƏRTAC
“Təmiz Şəhər“ ASC tullantılar arasından toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib.
AZƏRTAC xəbər verir ki, pullar “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 6-7 ay ərzində tullantılar arasından yığılıb.
Səhmdar cəmiyyət “ASAN məktub” layihəsi çərçivəsində həmin pullardan istifadə edərək uşaqları Novruz bayramı ərəfəsində sevindirib. “ASAN məktub” layihəsinə ən çox Hacıqabuldan müraciət edildiyi nəzərə alınaraq, bu rayondan olan 24 uşağın istəyi ASC tərəfindən reallaşdırılıb.
Belə ki, cəmiyyətin əməkdaşları Novruz bayramı ərəfəsində “ASAN xidmət”in nümayəndələri ilə birlikdə velosiped, məktəbli formaları, çantalar, kostyumlar və digər hədiyyələri Hacıqabul rayonundan “ASAN məktub” layihəsində iştirak edən uşaqlara çatdırıblar. Rayonun Qızıl Burun kəndində 4 ailə olmaqla 8 uşağa, Rəncbər kəndində isə iki ailə olmaqla 6 uşağa, müxtəlif hədiyyələr təqdim edilib. Həmçinin Hacıqabul şəhər mərkəzindən olan uşaqlara da hədiyyələr verilib. Onların arasında sevinənlərdən biri də Yunis Əsgərov olub. Novruz bayramı ərəfəsində azyaşlı Yunisə velosiped hədiyyə edilib.
Bununla da, “Təmiz Şəhər” ASC tullantılar arasından toplanan və 120 kiloqramdan çox olan müxtəlif nominallı qəpikləri xeyriyyə məqsədilə xərcləyərək, bu vəsaitin dövriyyəyə qaytarılmasını təmin edib.