CƏMİYYƏT
Tümen Reabilitasiya Mərkəzi Naftalan nefti ilə müalicə prosedurlarına başlayır
Moskva, 22 mart, AZƏRTAC
Rusiyanın Tümen vilayətindəki Kliniki Xəstəxananın Reabilitasiya Mərkəzində Azərbaycandan gətirilən Naftalan nefti ilə müalicə prosedurlarının tətbiqinə başlanılıb. Bu barədə TASS agentliyinə mərkəzin rəhbəri Yuliya Nikolayeva məlumat verib.
O bildirib ki, Tümenin sanatoriyalarında Naftalan nefti əvvəllər də tətbiq edilirdi. İndi Azərbaycandan gətirilən müalicəvi neftdən Reabilitasiya Mərkəzində 70-dən çox xəstəliyin terapiyası üçün istifadə olunacaq. Prosedurlar dövlət hesabına, pulsuz gerçəkləşdiriləcək.
Y.Nikolayeva vurğulayıb ki, Naftalan nefti ilə sümük-əzələ xəstəlikləri müalicə olunacaq.
Tümen Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzi müxtəlif xəstəliklərin müalicəsinin, cərrahiyyə əməliyyatlarından sonra orqanizmin bərpasının dərmansız yolla həyata keçirilməsi ilə məşğuldur. Burada 50 növdə fizioterapiya prosedurları tətbiq olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva