İQTİSADİYYAT
Tümen hökuməti Azərbaycanın iş adamlarını vilayətdə bir sıra layihələr həyata keçirməyə dəvət edir
Moskva, 2 noyabr, AZƏRTAC
Tümen vilayətinin hökuməti Azərbaycanın iş adamlarını Rusiyanın bu regionunda kartof emalı zavodu, spa-otel və tərəvəz bazası layihələrini həyata keçirməyə dəvət edir. Tümen hökumətinin rəsmi saytının yaydığı məlumata görə, bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib. O deyib ki, yeni topdansatış bazası Xantı-Mansiysk Muxtar Dairəsinə, Yamal-Nenets Muxtar Dairəsinə və Rusiyanın şərq regionlarına meyvə və tərəvəz ixrac etmək imkanı yaradacaq.
Qubernator əlavə edib ki, Tümen hakimiyyəti hazır infrastrukturu olan torpaq sahələrini biznes üçün istifadəyə verməyə hazırdır. O bildirib ki, Tümen vilayəti kartof yetişdirilməsi sahəsində regionda irəlidə gedir. Otel biznesinə gəldikdə isə qubernator hazırda geoloji kəşfiyyat işləri zamanı aşkar edilmiş bir neçə qaynar mineral bulaqların ətrafında spa-otellərin fəaliyyət göstərdiyini söyləyib. Yeni belə otellərin tikintisini perspektivli hesab edən V.Yakuşev layihənin turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verəcəyini vurğulayıb.
Qubernator taxıl anbarları, istixana kompleksləri, neft-qaz maşınqayırması və digər sahələrdə də layihələrin region üçün maraqlı olduğunu qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva