CƏMİYYƏT
Tur-aksiya: Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar
Bakı, 26mart, Flora Şükürova, AZƏRTAC
“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muxtar respublika məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərə muzeyin fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib. Bildirilib ki, 1936-cı ildə yaradılan muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş olunur.
Şagirdlər muzeydə məşhur alman, rus, italyan rəssamlarının mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri ilə tanış olublar.
Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, şəhər və rayonlarımızın yeniləşən siması barədə əyani təsəvvür yaratmaqdır.
Tur-aksiyanın martın 16-19-da və 23-26-da reallaşdırılan növbəti mərhələsində 6 istiqamət üzrə 84 şəhər və rayondan IX-XI sinif şagirdləri iştirak edirlər.