REGİONLAR


Tur-aksiya: Zərdablı məktəblilər Qəbələyə yola düşüblər

A+ A

Zərdab, 12 noyabr, AZƏRTAC

Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 12-də “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə artıq 6-cı dəfədir reallaşan bu layihə məktəblilər, valideynlər, ümumən rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Əvvəlcə tur-aksiya iştirakçıları şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, valideyn Xurşud Sadıqov, direktor Rüxsarə Eminova, XI sinif şagirdi Toğrul Kərimli çıxış edərək, layihənin dövlətimizin başçısının yetişməkdə olan nəslə diqqət və qayğısının nəticəsi olduğunu söyləyiblər. Vurğulanıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.

Dördgünlük səfər Qəbələ, Şəki, Zaqatala bölgələrini əhatə edəcək. Məktəblilər bu rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.

Səfərdən böyük təəssüratla qayıdacağına əminliyini bildirən şəhər 3 saylı tam orta məktəbin IX sinif şagirdi Ziya Həmidli AZƏRTAC-ın müxbirinə deyib: “Doğrusu, həmin bölgələrə getmək, o yerlərlə tanış olmaq çoxdankı arzum idi. Prezidentimizə minnətdaram ki, bu arzum həqiqətə çevrilir. Dövlətimizin başçısının tapşırığı ilə reallaşan layihə çərçivəsində təşkil edilən tur-aksiyada o qədər də məlumatlı olmadığım rayonlar barədə hərtərəfli bilgilər qazanacağam”.

Qeyd edək ki, yolasalma mərasimi geniş konsert proqramı ilə müşayiət olunub. Məktəblilər yola düşməzdən əvvəl Heydər Əliyev parkında ağac əkiblər.

Elə həmin gün Kürdəmir rayonundan da bir qrup məktəbli “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.