REGİONLAR


Tur-aksiya çərçivəsində məktəblilər qədim Şəkinin tarixi məkanlarını gəziblər VİDEO

Şəki, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Gəncə şəhərinin, Şəmkir, Samux, Gədəbəy və Göygöl rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, martın 18-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.

Tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin nümayəndələri mehribanlıqla qarşılayıblar.

İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. Bildirilib ki, 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlib. Paytaxt ili çərçivəsində Şəkidə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib.

Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları sonra şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.

Bildirilib ki, qoruğun dəyəri, həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb, yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.

Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. İkimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. Saraydakı şəbəkə-pəncərələr, ikinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.

Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Məktəblilər sonra bu ərazidə yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Bildirilib ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır.

Şəkiyə səfərləri çərçivəsində tur-aksiya iştirakçıları, həmçinin inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub, qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Tur-aksiya iştirakçıları səfər proqramına uyğun olaraq daha sonra Zaqatala rayonuna yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.