REGİONLAR
Tur-aksiya iştirakçıları qədim və müasir Gəncədə
Gəncə, 17 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Abşeron, Xətai, Səbail, Suraxanı, Salyan, Cəlilabad, Neftçala və Zəngilan rayonlarından olan iştirakçıları - IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər noyabrın 17-də Gəncə şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
İştirakçıları Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
Tur-aksiya iştirakçılarını salamlayan Sevda Qurbanəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumatlar əldə edəcəklər. Həmçinin son illərdə Gəncə şəhərinin keçdiyi sürətli sosial-iqtisadi və mədəni inkişaf yolu haqqında geniş məlumat toplayacaqlar.
Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
Heydər Əliyev Park Kompleksi ilə tanışlığı davam etdirən məktəblilərə burada ucaldılan möhtəşəm Zəfər Tağı haqqında məlumat verilib. Xiyaban boyunca hərəkət edən şagirdlər ətrafda yaradılan yaşıllığı və gölün mənzərəsini seyr edib, amfiteatra baxıblar.
Layihə iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini hörmət və ehtiramla anıblar.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə də tanış olublar. Nəhəng abadlıq və quruculuq işlərinin nişanələrini özündə əks etdirən Park Kompleksi, ətrafdakı əzəmətli tikililər, möhtəşəm binalar hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da bu məkan haqqında zəngin təəssürat yaradıb.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı noyabrın 18-də davam edəcək.