REGİONLAR


Tur-aksiya iştirakçıları şimal bölgəsinə ekskursiyanın sonuncu günü muzeylər və parklar şəhəri Xaçmazda olublar

Xaçmaz, 19 mart, Elxan Yusifli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində doqquz rayonu təmsil edən şagirdlərin şimal bölgəsi ilə tanışlığının sonuncu ünvanı muzeylər və parklar şəhəri Xaçmaz olub.

AZƏRTAC xəbər verir ki, martın 19-da Lənkəran, Astara, Lerik, Yardımlı, Neftçala, Salyan, Şirvan, Şuşa və Zəngilanı təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gəliblər. Burada onları rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Qonaqlar şəhərdəki yeni inşa olunan Heydər Əliyev Mərkəzində də olublar.

Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Məktəblilər Xaçmaz Dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.

Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.