MƏDƏNİYYƏT
Tur-aksiya iştirakçılarını çox maraqlı ekskursiyalar gözləyir VİDEO
Qax, 25 avqust (AZƏRTAC, Mustafa Dadaşov). Avqustun 25-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Qax məktəblilərinin ölkənin şimal bölgəsinə yola salınması mərasimi keçirildi.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirakı ilə keçirilən mərasimin əvvəlində məktəblilər ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla andılar.
Mərasimdə çıxış edənlər dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər. Bildirildi ki, aksiya iştirakçılarını çox maraqlı ekskursiyalar gözləyir. Məktəblilər dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, bu rayonların görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulub.
Qrupun rəhbəri, Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin müəllimi Faiq Sofiyev bu layihənin şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə böyük töhfə verəcəyini bildirdi.
Məktəblilərdən Sərvnaz Şabanova, Vüsal Osmanov, Şahin Müslümov və başqaları aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini qeyd edərək onlara belə bir layihə bəxş etdiyinə görə Qax məktəbliləri adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşib ölkənin şimal bölgəsinə yola düşdülər.