REGİONLAR
Tur-aksiya iştirakçılarını maraqlı ekskursiyalar gözləyir VİDEO
Yevlax, 16 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 16-da yevlaxlı məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Lerik-Astara marşrutu üzrə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyəti nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi yolasalma mərasimində çıxış edənlər gənclərin dünyagörüşünü zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi Məhbubə Hacıyeva AZƏRTAC-a müsahibəsində deyib: “Şagirdlərimiz dörd gün ərzində Lənkəran, Lerik, Astara rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar. Hirkan Milli Parkına, Xanbulan gölünə ekskursiya, çay plantasiyaları, sitrus meyvə bağları, tarix-diyarşünaslıq, “Uzun ömürlülər” muzeyləri və digər yerlərlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq. Bir sözlə, tur-aksiya iştirakçılarını maraqlı ekskursiya gözləyir”.
Yevlax şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Tural Hacıyev tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Məktəbdə Vətənimizin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı biliklər almışıq. İndi isə cənub zonası ilə bağlı oxuduqlarımı, eşitdiklərimi öz gözlərimlə görəcəyəm. İnanıram ki, səfərimiz maraqlı keçəcək”.
Övladını yola salmağa gələn valideyn İslam Umarov tur-aksiyadan məmnunluğunu bildirərək deyib: “Hər bir valideyn kimi mənim də arzum övladımın bilikli, dünyagörüşlü olmasıdır. Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsil almaları üçün lazımi şərait var. Bu gün isə məktəblilərə Vətəni gəzmək, doğma diyarın hər bir guşəsini tanımaq imkanı yaradılıb. Tur-aksiyanın təşkilatçılarına, xüsusən də gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezidentimizə minnətdaram.”
Mərasimdən sonra tur-aksiyada iştirak edəcək şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Lerik-Astara marşrutu üzrə yola düşüblər.