REGİONLAR
Tur-aksiya iştirakçısı: Muxtar respublikada gördüyüm gözəllik, abadlıq, təmizlik çox xoşuma gəldi
Naxçıvan, 26 mart, Rauf Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının hər tərəfində gördüyüm gözəllik, abadlıq çox xoşuma gəldi. Naxçıvan şəhərinin, buradakı tarixi abidələrin və müasir binaların cazibəsi, insanların qonaqpərvərliyi və istiqanlılığı hər birimizdə xoş duyğular yaratdı.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Bakı şəhərinin Nizami rayonunun 109 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Kənan Səfərov AZƏRTAC-a müsahibəsində deyib.
Kənan Səfərov bildirib ki, Xan Sarayı, Möminə Xatın türbəsi, Naxçıvanqala, Əlincə qalası, Ordubad şəhəri, Duzdağ Fizioterapiya Mərkəzi və digər məkanlar bütün şagird yoldaşları kimi, onu da heyran edib. O deyib: “Bizə bütün abidələrin tarixi barədə məlumat verdilər. Naxçıvanda tarixi abidələrin bərpa edildiyini görəndə çox sevindim. Əlincə qalanın, Naxçıvanqalanın əzəməti məni və tur-aksiyanın digər iştirakçılarını heyran etdi”.
Muxtar respublikada təhsil ocaqlarının da yüksək səviyyədə olduğunu vurğulayan bakılı məktəbli qeyd edib ki, Naxçıvanda belə məktəblərin olduğundan xəbərsiz idi: “Muxtar respublikanın ən ucqar dağ kəndində də məktəb binaları əzəmətlə ucaldılıb. Naxçıvan Dövlət Universitetinin şəhərciyi isə daha gözəldir. Mən orta məktəbi başa vurandan sonra təhsilimi Naxçıvan Dövlət Universitetində davam etdirmək arzusundayam”.