REGİONLAR
Tur-aksiya iştirakçısı: Qəbələ mənə olduqca xoş təəssürat bağışladı
Qəbələ, 24 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Mən Qəbələnin bu qədər gözəl olduğunu bilmirdim. Qəbələ barədə çox eşitmişdim və buradakı “Tufandağ” Qış-Yay İstirahət Kompleksi, “Beltmann” piano fabriki və qədim Qəbələ şəhərinin ərazisi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi ən çox görmək istədiyim yerlər idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Göyçay şəhər 3 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Mədinə Babayeva bildirib.
O, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gözəl yerləri görməyin ona da qismət olduğunu vurğulayaraq deyib: “Qəbələ mənə xoş təəssürat bağışladı. Mən burada yaşıllaşdırma aksiyasında fəal iştirak etdim. Rayonumuza qayıdanda sinif yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacam, onlara çəkdirdiyim şəkilləri göstərəcəm. Qəbələnin tam başqa cür əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailəmizlə birgə yenə bu rayona gəlim. Biz sabah Qəbələdən Şəkiyə yola düşəcəyik. Şəkiyə ilk dəfə səfər edəcəm. Ümid edirəm ki, Şəkidən də xoş təəssüratlarla ayrılacam”.