REGİONLAR
Tur-aksiya iştirakçısı: Qəbələnin təbiəti bizi valeh edib
Qəbələ, 25 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
İki gün ərzində Qəbələ və İsmayıllı rayonunun tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olduq. Növbəti səfərimiz qədim Şəki şəhərinədir. Mən yaşadığım rayona geri qayıtdıqdan sonra burada tanış olduğum bütün tarixi abidələr, muzeylər, görməli yerlər barədə sinif yoldaşlarıma danışacağam və çəkdiklərim fotoşəkilləri onlara göstərəcəyəm. Qəbələ, İsmayıllı və Şəkinin təbiəti çox rəngarəngdir. Xüsusən də Qəbələnin təbiəti bizi valeh edib.
Bu fikirləri Naftalan şəhər 2 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Pəri Məstəliyeva AZƏRTAC-a müsahibəsində deyib. Məktəbli qeyd edib ki, şagirdlərin əksəriyyəti Qəbələyə ilk dəfədir gəliblər. “Ekskursiyanın ilk günündə İsmayıllı rayonunun görməli yerləri ilə tanış olduq. Qəbələ də yaddaşımızda xoş iz buraxdı. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, “Beltman” piano fabriki, Heydər Əliyev adına Konqres Mərkəzi, “Cotari” udin-alban kilsəsini ziyarəti unutmayacağam. Bizə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdaram”, - deyə Pəri Məstəliyeva vurğulayıb.