REGİONLAR
Tur-aksiya məktəblilərdə Şəmkir rayonu barədə əyani təsəvvür yaradıb VİDEO
Şəmkir, 18 mart, Famil Quliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikamızın qərb bölgəsinə səfər edən Saatlı, Sabirabad və Neftçaladan olan IX-XI sinif şagirdləri martın 18-də Şəmkir rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verilib ki, böyük İpək Yolu üzərində yerləşən bu qədim şəhər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkar edilib.
Sonra rayon mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb. Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.
Səfər proqramı rayondakı Gənclər Mərkəzi və Bayraq Muzeyi ilə tanışlıqla davam edib.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Saatlıdan olan qrupun rəhbəri Elşən Əzizov məktəblilərin Şəmkir rayonundan zəngin təəssüratlarla ayrıldıqlarını bildirib.
Saatlı rayon Simada kənd tam orta məktəbin XI sinif şagirdi Songül Mövludova isə deyib ki, bu layihə onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır. “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də ölkəmizin hər bir guşəsi gözəldir. Doğma Vətənimizi qarış-qarış gəzir, tarixi abidələrlə tanış oluruq. Bu abidələr haqqında kitablardan çox oxumuşuq. İndi isə əyani şəkildə görür, biliklərimizi daha da zənginləşdiririk”, - deyə məktəbli vurğulayıb.
Məktəblilər Şəmkirlə tanışlıqdan sonra Göygöl rayonuna yola düşüblər.