REGİONLAR


Tur-aksiya məktəblilərin asudə vaxtlarının səmərəli keçməsində mühüm əhəmiyyət kəsb edir

A+ A

İmişli, 17 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 17-də səhər saatlarında “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın İmişlidən olan iştirakçıları rayondakı Heydər Əliyev parkına toplaşmışdılar. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə şimal-qərb bölgəsinə səfər edən imişlili məktəbliləri rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər yola salıblar.

AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra aksiya iştirakçıları şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin işçisi Asif Abışov səfər proqramı barədə məlumat verərək deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişlinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə həssaslıqla yanaşdığı kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.

Tur-aksiyanın iştirakçısı, İmişli şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nəzrin Abışova ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduğunu bildirib.

Sonda şagirdlər xüsusi avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.