REGİONLAR
Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir VİDEO
Kürdəmir, 24 mart, Adil Ağayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyası çərçivəsində martın 24-də Kürdəmir rayonundan 40 nəfər şagird Gəncəyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Kürdəmir şəhərindəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon rəhbərliyinin, valideynlərin, müəllimlərin iştirak etdikləri mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli dövlətimizin başçısının tövsiyə və tapşırığı ilə keçirilən tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb. Çıxış edənlər Azərbaycanın tarixinə qısa nəzər salaraq, İrəvan xanlığı və digər ərazilərimiz hesabına Ermənistan dövlətinin yaradılmasından, ötən əsrin 90-cı illərində havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizinin işğalından, bir milyon azərbancanlının öz dədə-baba yurdlarından didərgin salınmasından, Xocalı soyqırımından, işğal edilən ərazilərimizdə tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsindən danışaraq, bütün bunlar barədə şagirdlərin ətraflı bilgilərə yiyələnmələrinin vacibliyini bildiriblər.
Mərasimdə çıxış edən Topalhəsənli kənd tam orta məktəbin XI sinif şagirdi Ayşən Həsənova deyib: “Tur-aksiyalar bizə ölkəmizi, onun ayrı-ayrı bölgələrini daha yaxından tanımaq, tariximizi mükəmməl öyrənmək imkanı verir. Dörd gün ərzində Azərbaycanımızın ikinci böyük, həm də tarixi şəhəri olan Gəncə ilə tanış olacaq, bu məkanın görməli yerlərini gəzəcək, keçmişi barədə bilgilər əldə edəcəyik. Bu müddətdə həm də Şəmkir və Göygöl rayonları ilə də tanış olacağıq. Mən bütün səfər yoldaşlarım adından bizə bu imkanı yaratdığına görə Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Kürdəmir məktəbliləri günorta rayondakı “Al chicken” restoranında İmişli və Beyləqan rayonlarından gələn, həmyaşıdları olan tur-aksiya iştirakçıları ilə görüşüb birgə nahar etdikdən sonra Gəncəyə yola düşüblər.