REGİONLAR


Tur-aksiyanın Yevlaxdan olan iştirakçıları cənub bölgəsinə yola salınıblar VİDEO

A+ A

Yevlax, 17 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Yevlax rayon məktəblilərinin ölkəmizin cənub bölgəsinə ekskursiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də Yevlax şəhərində bu rayonun məktəblilərindən ibarət qrupun “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran-Masallı-Astara istiqaməti üzrə yolasalma mərasimi keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyəti nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə çıxış edənlər gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən söz açıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Qrup rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi Məhbubə Hacıyeva AZƏRTAC-a müsahibəsində deyib: “Tur-aksiyanın proqramı olduqca zəngindir. Şagirdlərimiz dörd gün ərzində Lənkəran-Masallı-Astara rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar. Səfər çərçivəsində intellektual oyunlar, musiqili-əyləncəli proqramlar da təşkil ediləcək”.

Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Əli Kərimxanlı tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Əvvəlki illərdə təşkil edilən tur-aksiyaları maraqla izləyirdim. Artıq mən də ekskursiyada iştirak edirəm. İnanıram ki, səfərimiz çox maraqlı keçəcək. Cənub zonası ilə bağlı oxuduqlarımı, eşitdiklərimi gözlərimlə görəcəm. Bilmədiyim çox şeyi öyrənəcəm. Tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Tur-aksiya iştirakçıları IDEA İctimai Birliyinin nəcib təşəbbüsünə də qoşulublar. Məktəblilər “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində Yevlax şəhərində ağac əkiblər.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara istiqamətində yola çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.