İQTİSADİYYAT
“TuranBank” enerji səmərəliliyi layihəsi çərçivəsində hazırlıq işlərini yekunlaşdırıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində “TuranBank” və “Global Climate Partnership” Fondu (GGPF) arasında 10 milyon ABŞ dolları məbləğində imzalanmış səkkizillik kredit sazişi üzrə nəzərdə tutulan texniki dəstək işləri yekunlaşıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, məqsəd karbon dioksidin (CO2) emissiyasının 20 faizədək azaldılmasını tələb edən layihələrin maliyyələşdirilməsi məqsədilə kiçik və orta sahibkarları və korporativ müştəriləri uzunmüddətli maliyyə vəsaiti ilə təmin etməkdir.
Layihənin hazırlanmasına və həyata keçirilməsinə texniki dəstəyin göstərilməsi məqsədilə bank və GGPF arasında texniki yardım layihəsi imzalanıb. Müqavilə çərçivəsində cari ildə fondun nümayəndələri, eləcə də texniki mühəndislərin iştirakı ilə bank rəhbərliyi və struktur bölmələrinin direktorları arasında bir sıra görüşlər təşkil edilib, əməkdaşlar üçün ixtisaslaşdırılmış təlimlər keçirilib.
Görüşlərin yekunu olaraq, enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üzrə strategiya və marketinq konsepsiyası, təklif olunacaq kredit məhsullarının şərtləri işlənərək təsdiq olunub. Bundan əlavə, potensial bank müştəriləri ilə görüşlər keçirilib və layihə üzrə seçilmiş müştərilərin fəaliyyətinin auditi aparılaraq onların biznes sahələrinin monitorinqi təşkil edilib.
Bank “Yaşıl Bankçılıq” ticarət nişanı altında enerji səmərəliliyi layihələri çərçivəsində kreditlərin verilməsinə 2017-ci ilin əvvəlindən başlamağı nəzərdə tutur.