MƏDƏNİYYƏT
“Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” mövzusunda elmi sessiya keçirilib
Bakı, 2 oktyabr (AZƏRTAC). Böyük şair və dramaturq Hüseyn Cavidin qızı Turan Cavidin anadan olmasının 91 illiyi münasibətilə AMEA-nın Hüseyn Cavidin ev-muzeyində “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” mövzusunda elmi sessiya keçirilib.
Hüseyn Cavidin ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, alim və mütəxəssislərin iştirak etdikləri sessiyada muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Turan Cavidlə bağlı xatirələrini danışıb, onun olduqca fədakar bir insan, əyilməz bir qadın olduğunu qeyd edib. O, eyni zamanda, Turan Cavidin səmərəli fəaliyyətindən bəhs edib.
Hüseyn Cavidin ev-muzeyinin əməkdaşı Cəmilə Rzayeva Turan Cavidlə bağlı təşkil olunan sərgidə nümayiş etdirilən sənədlər, fotolar, xatirə əşyaları barədə məlumat verib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.