ELM VƏ TƏHSİL
“Turan Mübarizi” azərbaycanlıların vətənpərvərliyinin, igidliyinin sübutudur
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, türk xalqlarının Dünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev M.İbrahimovun türk xalqlarının qəhrəmanlığını bütün dünyaya sübut etdiyini bildirib, onun həyatını işıqlandırmağın böyük şücaət olduğunu qeyd edib.
M.İbrahimovun xalqımızın igidlik nümunəsi olduğunu söyləyən ADU-nun pedaqoji fakültəsinin dekanı, professor Fikrət Cahangirov onun timsalında xalqımızın məğlubedilməz qəhrəmanlığından söz açıb.
Milli Məclisin deputatı Fərəc Quliyev “Turan Mübarizi” kitabının dünya xalqlarına Azərbaycanın vətənpərvərliyini, igidliyini bir daha sübut edəcəyini söyləyib.
Digər çıxış edənlər də kitab haqqında təəssüratlarını bölüşüblər.
Tədbir çərçivəsində professor Y.Caniyarın həyatı haqqında ADU TV tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.
Sonda Y.Caniyar tədbirin təşkilinə görə universitet rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, “Turan Mübarizi” kitabının ərsəyə gəlməsində M.İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən qəhrəmanlarımızın, həmçinin xalqımızın müxtəlif tarixi dövrlərdə üzləşdiyi faciələrin böyük rolu olduğunu söyləyib.