ELM VƏ TƏHSİL
“Turin Prosesi” ilə bağlı dialoq təşkil edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də ilk peşə-ixtisas təhsili üzrə islahatların vəziyyətinə dair “Turin Prosesi 2016-2017” siyasət dialoqu keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Yerun Uilyams, Avropa Təlim Fondunun ölkəmiz üzrə nümayəndəsi Marqareta Nikolovska və digər müvafiq qurumların nümayəndələri, ekspertlər iştirak ediblər.
F.Mustafayev bildirib ki, “Turin Prosesi” çərçivəsində keçirilən tədbirin əsas məqsədi peşə təhsili və təlimi sahəsində əməkdaşlığı möhkəmləndirmək, son iki ildə reallaşdırılan islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq çatışmazlıqları müəyyənləşdirmək və ümumi inkişaf strategiyasının formalaşmasına yardım etməkdir.
Y.Uilyams aparılan təhsil islahatlarının dəstəklənməsində Avropa İttifaqının həyata keçirəcəyi proqramların əhəmiyyətindən danışıb.
Sonra “Turin Prosesi”nin milli əlaqələndiricisi, Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə müvafiq layihə çərçivəsində son iki ildə peşə təhsili ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlara dair hazırlanan və milli məsləhətləşmələrə əsaslanan qiymətləndirmə hesabatını təqdim edib.
Müzakirələr əsasında peşə təhsili və təlimlərinin daha səmərəli aparılması və müvafiq sahənin inkişafı ilə bağlı növbəti prioritet istiqamətlər müəyyənləşdirilib.