REGİONLAR


Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir

Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 4-də Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri, rekreasiya zonalarında yerləşən rayonların icra hakimiyyətlərinin nümayəndələri, bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əsas məqsədinin Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar olduğunu diqqətə çatdırıb.

Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan islahatların son illər daha intensiv xarakter aldığını bildirib.

Sərəncamın əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, Azərbaycanda turizm sənayesinin inkişafına yönəlmiş tədbirlər artıq öz bəhrəsini verir. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub və brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır.

Bildirilib ki, şimal bölgəsi ölkəmizin ən zəngin turizm potensialına malik regionlarından biri hesab edilir. Region şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edən bu region qədim tarix-mədəniyyət abidələri, milli memarlıq nümunələri, biomüxtəlifliyi, təbiət abidələri, azsaylı xalqların rəngarəng folklor nümunələri və milli mətbəxi ilə cəlbedici turizm məkanına çevrilib.

Müşavirədə qeyd olunub ki, şimal regionu respublikanın həm də zəngin kurort rekreasiya zonalarından biridir. Quba-Xaçmaz zonasında müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, Xəzər dənizi sahili boyu 35-40 kilometr məsafədə uzanan Nabran-Yalama kurort zonası, əlverişli iqlim şəraiti, meşə örtüyü və digər təbii-rekreasiya ehtiyatları var.

Bölgənin turizm imkanlarının daha geniş təbliğ olunması, turistlərə yerli turizm məhsullarının və marşrutlarının təqdim edilməsi, həmçinin bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz, Quba və Qusar turizm informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər regionun qonaqlarına və turistlərə ekskursiya, bələdçilik və digər xidmətlər göstərir, bir sıra beynəlxalq turizm sərgilərində müvəffəqiyyətlə iştirak edirlər.

Müşavirədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, vergilər nazirinin müavini Sahib Ələkbərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar görüləcək işlərdə Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Tədbirdə şimal bölgəsində turizmin mövcud vəziyyəti ilə bağlı ətraflı məlumat verilməklə yanaşı, turizm rekreasiya zonalarının inkişafı istiqamətində görüləsi işlərə, qarşıya çıxan problemlərə dair müzakirələr aparılıb. Turizm sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri qeydiyyata alınıb.

Məlumat verilib ki, yaxın gələcəkdə regionlarda işin daha səmərəli təşkili məqsədilə mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq. Respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

Turizmin mövcud vəziyyəti, turizm rekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.