MƏDƏNİYYƏT
“Turizm Etikası üzrə Konvensiya”nın hazırlanması məqsədilə yaradılmış işçi qrupunun növbəti iclası keçirilir
Bakı, 13 may, AZƏRTAC
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (BMDTT) “Turizm Etikası üzrə Konvensiya”nın hazırlanması məqsədilə yaradılmış işçi qrupunun üçüncü iclası sözügedən təşkilatın Madriddəki qərargahında öz işinə başlayıb. İclas Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirə BMDTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də BMDTT-ə üzv ölkələrin 30-a yaxın nümayəndəsi qatılıb. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.
İşçi qrupunun üçüncü iclasının açılış mərasimində BMDTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami və işçi qrupunun ilk iclasında sədr olaraq seçilmiş nazir müavini Nazim Səmədov çıxış edib.
İki gün davam edəcək iclas çərçivəsində “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək istiqamətində müvafiq mövzular ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, işçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək BMDTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək “Turizm Etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun 2017-ci ilin sentyabr ayında keçiriləcək Baş Assambleyasına təqdim etməkdən ibarətdir.
“Turizm Etikası üzrə Konvensiya” turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və bu sektor üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Sözügedən sənəd BMDTT-nin ilk Konvensiya sənədi olacaq.