MƏDƏNİYYƏT
Turizm İnformasiya Mərkəzi şəbəkəsi genişlənir
Bakı, 20 aprel, AZƏRTAC
Son illərdə turizmin sürətlə inkişaf etdiyi, bölgələrə səfər edən turistlərin sayının artdığı və ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunlarının müsbət təsirini nəzərə alaraq, Azərbaycanda turizmin inkişaf etdirilməsi və turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və turizm informasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində daha altı Turizm İnformasiya Mərkəzi yaradılıb. Bunlar, Qusar, Qəbələ İsmayıllı, Bərdə, Şəmkir və Mingəçevir turizm informasiya mərkəzləridir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla da, ölkəmizdəki turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb.
Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Turizm informasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.