İQTİSADİYYAT


“Turizm haqqında” yeni qanun hazırlanır

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə bağlı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” Qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasıdır.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev təklif olunan dəyişiklikləri ətraflı şərh edib. O vurğulayıb ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsinə üç gün müddətində baxılır. İmtina üçün əsas olduqda imtina məktubu, olmadıqda isə elektron viza məktubu müraciət edən şəxsin elektron poçtuna göndərilir.

Hadi Rəcəbli hazırda komitədə Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətlərini özündə ətraflı əks etdirən “Turizm haqqında” yeni sənədin hazırlandığını da vurğulayıb.

Bildirilib ki, hazırda müzakirə olunan, dövlətimizin başçısının təşəbbüsü ilə daxil olan bu sənəddəki məqamlar hazırlanacaq yeni “Turizm haqqında” qanunda da ehtiva olunacaq.

Çıxış edən deputatlar Elmira Axundova, Araz Əlizadə, Aytən Mustafayeva dəyişikliklərin zəruri olduğunu vurğulayıblar.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.