MƏDƏNİYYƏT
Turizm ictimaiyyəti işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatını pisləyən bəyanat yayıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın turizm ictimaiyyəti Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, mülki şəxslərin, o cümlədən 2 yaşlı uşağın öldürülməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən yayılan bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimi düşmən tərəfindən növbəti dəfə pozulmuş və işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf almışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanmışdır.
Azərbaycanın turizm ictimaiyyəti beynəlxalq birliyin Ermənistanın bu qanlı siyasətinə, nəhayət, adekvat münasibət bildirməsini tələb edir.
“Respublikamızın turizm ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!”,- deyə bəyanatda vurğulanır.