REGİONLAR
Turizm marşrutları və ekskursiya fəaliyyətinə dair yeni kitab işıq üzü görüb
Naxçıvan, 21 iyun, AZƏRTAC
“Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizm marşrutları və ekskursiya işinin təşkili” adlı dərs vəsaiti işıq üzü görüb. “Naxçıvan” Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab bu mövzuda Azərbaycan dilində ilk nəşrdir.
AZƏRTAC xəbər verir ki, turizm və otelçilik ixtisası üzrə ali təhsil verən ali məktəblərin baza təhsil proqramında yer alan “Turizm marşrutları və ekskursiya işinin təşkili” fənninin tədrisi məqsədilə çap edilmiş kitab tədris prosesi üçün əhəmiyyətlidir.
Nəşr 3 fəsildən ibarətdir. Birinci fəsildə turizm marşrutları və onların yaradılması, ikinci fəsildə ekskursiya fəaliyyəti və onun təşkili üzrə nəzəri məsələlərə dair 15 dərs mövzusu təqdim olunub. Dərs vəsaitinin üçüncü fəslində müvafiq fotoşəkillərlə birgə Naxçıvan Muxtar Respublikasının turizm məkanlarının timsalında konkret tur nümunələri və təqdimat reseptləri, həmçinin ekskursiyalar zamanı çoxişlənən turizm terminləri verilib. Turizm destinasiyasında yaradılacaq marşrutların davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, ekoloji maraqların, yerli əhalinin mənafelərinin ödənilməsi və təhlükəsizlik məsələləri üzrə mövzuları öyrənən tələbələr turizm marşrutu, turizm marşrutlarının yaradılmasına təsir edən amillər, tur və onun mahiyyəti, turların formalaşdırılması zamanı resursların düzgün qiymətləndirilməsi barədə biliklər əldə edə bilərlər.
Yeni nəşrdə ekskursiya fəaliyyətinin təşkili üçün əsas baza olan nəzəri və metodoloji biliklərin əldə edilməsi məqsədilə məntiqi ardıcıllığa əməl olunmasına, onun pedaqoji mahiyyətinin və təqdimatların keçirilməsi qaydalarının öyrənilməsinə xüsusi yer ayrılıb, konkret situasiyalar üzrə izahlar verilib. Bu baxımdan kitabda işlənmiş hər bir mövzuya dair təqdim olunmuş yoxlama suallar və testlər tələbələrin bu fənn üzrə biliklərinin möhkəmləndirilməsi üçün də əhəmiyyətlidir.
Kitabdan turizm ixtisasında dərs deyən müəllimlər, bu sahə üzrə təhsil alan bakalavr və magistrantlar, turizm sahəsində çalışan mütəxəssislər, o cümlədən turizm və səyahət məsələləri ilə maraqlananlar faydalana bilərlər.