REGİONLAR
Turizm mövsümünə hazırlıqla əlaqədar Qaxda sənətkarların ilk satış-sərgisi açılıb VİDEO
Qax, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Yay turizm mövsümünə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq, respublikanın 8 şəhər və rayonunda, həmçinin Bakı şəhərində yeni pilot-layihənin icrasına başlanılıb. Tədbirlər planına əsasən, iyun-avqust aylarında Şəki şəhəri, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında əvvəlcədən razılaşdırılmış məkanlarda yerli sakinlər və turistlər üçün hər gün xüsusi mədəni proqramların təşkil edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində iyunun 4-də Qax şəhərindəki Rəsm Qalereyasının qarşısında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət ilk satış-sərgi təşkil edilib. Sərgiyə yerli sənətkarların iki yüzə yaxın rəsm əsəri və əl işləri çıxarılıb.
Sərginin açılışında iştirak edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, belə tədbirlərin açıq havada keçirilməsində əsas məqsəd daha çox insan, turist cəlb etməkdir. Çünki qapalı məkanlara turistlər o qədər də maraq göstərmirlər.
Bildirilib ki, mədəni proqramlar yalnız sərgilərlə məhdudlaşmayacaq. Qonaqlar, turistlər rayonun, bölgənin milli musiqisi, folkloru, mətbəxi ilə də yaxından tanış ola biləcəklər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Ağac üzərində oyma sənəti ilə məşğul olan Tural Mənəfov sərgiyə 65 əl işi çıxarıb. Əl işlərinin qiyməti 3-20 manat arasında dəyişir. O, artıq əl işlərinin bir neçəsini satmağa da müvəffəq olub.
Həvəskar rəssam Rövşən Şirinovun sərgidə 8 rəngkarlıq əsəri nümayiş etdirilir. 10 yaşlı rəssam Nicat Xəlilzadə sərgidə həm də rəssamlıq qabiliyyətini göstərib. İlahə İsgəndərovanın dekorativ tətbiqi sənət əsərləri də sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sənətə yenicə qədəm qoyan balaca rəssamlar da sərgidə öz bacarıqlarını nümayiş etdiriblər.