İQTİSADİYYAT


Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Turizm Şurasının turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ilk iclası keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə keçirilən iclasda bu nazirliyin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Sevda Məmmədəliyeva turizmin inkişafında təhsilin əhəmiyyətini vurğulayaraq Azərbaycanda bu sahə üzrə mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov tərəfindən təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr və İşçi Qrupunun iş planı layihələri, həmçinin həyata keçirilməli digər cari məsələlər ətrafında müzakirələr aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi, habelə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələləri diqqətdə saxlamağın vacibliyini vurğulayıblar.

İclasın sonunda iştirakçıların təkliflərinə əsasən iş planı layihəsinin yenidən işlənilməsi, sözügedən əmr layihəsinin əlaqədar qurumlarla razılaşdırılması qərara alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.