MƏDƏNİYYƏT
Turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam yerinə yetirilmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Ötən il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdir. Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir.
Nazir demişdir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı imzaladığı Sərəncam bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Bu Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Azərbaycan dövlətinin başçısının IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakı, sahənin inkişafı ilə dərindən maraqlanması, dəyərli tövsiyələri bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açmışdır.