MƏDƏNİYYƏT
Turizm sektorunun inkişafı yeni mərhələdə
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov bu ali təhsil müəssisəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlarının Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələ olduğunu deyib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, E.Aslanov ali təhsil ocağının 10 illik fəaliyyətinə toxunaraq universitetin yaradılmasını turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması istiqamətində ən vacib addımlardan biri kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, 2005-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn tədbirlər planına müvafiq olaraq belə bir ali təhsil müəssisəsinin yaradılması düzgün düşünülmüş qərar idi. 2006-cı il sentyabrın 15-də 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan Azərbaycan Turizm İnstitutu keçən müddətdə turizm obyektlərini ixtisaslı kadrlarla təmin etməkdə aparıcı təhsil ocağı imicini qazanıb. Prezident İlham Əliyevin 2014-cü il 22 dekabr tarixli Sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ATMU yaradılıb. Universitetin təsis edilməsi iqtisadiyyatın vacib sahəsi olan turizm idarəçiliyinin inkişafına və bu sahədə kadr hazırlığına olan xüsusi diqqət və qayğının bariz nümunəsidir.
E.Aslanov vurğulayıb ki, yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tələbləri xatırladan E.Aslanov bildirib ki, bu sənəd daha səmərəli və yaradıcı fəaliyyət göstərməyi bir vəzifə olaraq qarşıya qoyur.
Tədbirdə dövlətimizin başçısına ATMU-nun kollektivi adından təşəkkür məktubu ünvanlanıb və müvafiq sərəncamların icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb.