İQTİSADİYYAT


Turizm sektorunun təmsilçiləri təltif olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Xalça Muzeyində turizm işçilərinin peşə bayramı münasibətilə sektor nümayəndələrinin təltifolunma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Əbülfəs Qarayev Dünya Turizm Günü və ölkəmizdə ilk dəfə qeyd olunan “Turizm işçiləri günü” peşə bayramı münasibətilə bütün sektor nümayəndələrini təbrik edib.

Ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışan nazir bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabrın turizm işçilərinin peşə bayramı kimi təsis olunması da dövlətin bu sahəyə diqqət və qayğısından xəbər verir.

Nazir deyib: “Turizm işçilərinin peşə bayramının ilk dəfə keçirilməsinə baxmayaraq, bu gün ölkəmizdə geniş tədbirlərlə qeyd olundu. Bu tədbirlərdə xarici qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı onların əhəmiyyətini daha da artırmış oldu. Mərasimin keçirildiyi ünvan isə rəmzi xarakter daşıyır. Burada Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyətin bir parçası nümayiş edilir. Bu muzey həm eksponatları, həm də memarlıq baxımından ölkəmizə gələn bütün turistlərin baş çəkdiyi əsas ünvanlardandır”.

Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digər çıxış edənlər Dünya Turizm Günü münasibətilə öz təbriklərini çatdırıblar, ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün çalışan hər kəsə uğurlar arzulayıblar.

Mərasimdə daha sonra Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifainin videomüraciəti yayımlanıb. Müraciətdə dünya turizminin vəziyyəti və gələcək inkişafının təmin olunmasının vacibliyi vurğulanıb.

Çıxışlardan sonra ölkəmizdə turizmin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyin “Fəxri turizm işçisi” döş nişanını təqdim edilib.

Sonda tədbir iştırakçıları Azərbaycan Xalça Muzeydəki eksponatlara baxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.