MƏDƏNİYYƏT
Turizm şirkətləri yeni layihəyə başlayıblar
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanın turizm şirkətləri "Təminatlı toplam tur" adlı layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, "Victory Tour", "Millennium Tourism & Congress DMC" və "İmprotex Travel" tərəfindən reallaşdırılan layihənin avqustun 13-də bu yay mövsümü üzrə 4-cü, sonuncu mərhələsi baş tutacaq.
Bu layihəni "Victory Tour" şirkəti 2014-cü ilin may ayından başlayıb. 2015-ci ilin mayında isə "İmprotex Travel" şirkətindən layihəni birgə reallaşdırmaq barədə təklif alıblar. Daha sonra layihəyə "Millennium Tourism & Congress DMC" qoşulub.
Beləliklə, bu ilin yay turizm mövsümündə üç şirkət layihənin icrasına başlayıb və artıq birgə üç tur həyata keçirilib. Hazırda payız aylarında reallaşdırılacaq turlar müzakirə edilir.
Əsasən Rusiya bazarına hesablanmış layihə bir çox özəllikləri ilə diqqəti cəlb edir. Bu turların üstünlüyü ondadır ki, turistlər qrup şəklində səfər edirlər. Digər tərəfdən, hətta bir turistlə də olsa, bu turlar həyata keçirilir. Yəni təminatı var və heç bir halda ləğv olunmur. Bu zaman istirahət onlara sərfəli qiymətə başa gəlir. Turun qiyməti bir nəfər üçün 298 dollardır. Bu qiymətə bələdçi xidməti, hoteldə 3 gecə qalmaq və nəqliyyat xidmətləri daxildir. Turistlər bu müddətdə Bakı şəhəri ilə tanış olurlar. Onlar birinci gün proqrama uyğun olaraq Dağüstü parka gedirlər, oradan funikulyor vasitəsilə "Azneft" meydanına, sonra isə İçərişəhərə yollanırlar. Növbəti məkan Dənizkənarı Milli Park, Bakı buxtası və Heydər Əliyev Mərkəzidir. Sonrakı günlərdə turistləri Suraxanı qəsəbəsində Atəşgah məbədi, Qobustan qoruğu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər tarixi mədəniyyət nümunələrimizlə tanışlıq gözləyir.