MƏDƏNİYYƏT
Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub
Bakı, 19 iyun, Ceyhun Alışlı, AZƏRTAC
“Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində iyunun 19-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, sözügedən layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi və Bakıda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıq nəticəsində həyata keçirilib.
Tədbirdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin direktoru Fikrət Nəbiyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb.
Bildirilib ki, layihə ilk dəfə olaraq rəhbəri olduğu təhsil ocağında həyata keçirilib və aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə ixtisasları əhatə edib. Vurğulanıb ki, bu tipli sənaye üzrə təcrübə proqramları turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt məzunları təbrik edərək peşə təhsilinin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq məzunların 50 faizi Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib.
Diqqətə çatdırılıb ki, turizm xidmət sektoru üzrə “Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib.
Çıxışlarda vurğulanıb ki, proqramın nəticəsi olaraq Azərbaycanda aidiyyəti sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb və proqramı uğurla bitirən məzunlar turizm sahəsində karyera fəaliyyətinə başlayıblar.
Sonda layihədə müvəffəqiyyətlə iştirak edən 5-i otel əməkdaşı, 35 Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin şagirdi olmaqla 40 nəfərə sertifikat və diplomlar təqdim edilib.