MƏDƏNİYYƏT
“Turizmə dəstək” Gənclər Koalisiyası təsis edilmişdir
Bakı, 4 fevral (AZƏRTAC). “Turizmə dəstək” Gənclər Koalisiyasının mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə 2011-ci il fevralın 2-də “Turizmə dəstək” Gənclər Koalisiyası təsis edilmişdir.
Koalisiyanın yaradılmasının əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm İli” elan olunması ilə əlaqədar ölkəmizdə turizm maarifçiliyinin həyata keçirilməsi, respublikamızda turizmin inkişafı istiqamətində gənclərin qüvvəsinin səfərbər edilməsidir.
Koalisiya il ərzində turizmin inkişafı üçün maarifləndirmə və təbliğat xarakterli silsilə tədbirlər həyata keçirəcəkdir. Artıq koalisiyanın əlaqələndiricilər şurası keçiriləcək tədbirlərin proqramını işləyib hazırlamış və təsdiq etmişdir. Koalisiyanın işinə ictimai xadimlər, sənət adamları, idmançılar, turizm şirkətləri, KİV nümayəndələri, dövlət və hökmət nümayəndələrinin cəlb olunması nəzərdə tutulmuşdur.
Tədbirlərlə bağlı işlər barədə ətraflı məlumat 2011-ci il fevralın 7-də saat 12:00-da RİA NOVOSTİ İnformasiya Agentliyində (Bəşir Səfəroğlu küçəsi, 195) koalisiyanın təqdimatı mərasimində keçiriləcək mətbuat konfransında veriləcəkdir. Mətbuat konfransında koalisiyaya qoşulan Milli Məclis deputatları, Gənclər Təşkilatlarının, QHT-lərin rəhbərləri, tanınmış sənət adamları, idmançılar, KİV nümayəndələri və başqaları iştirak edəcəklər.