ELM VƏ TƏHSİL
Turizmin inkişafı istiqamətində tədqiqatlar aparılır
Bakı, 1 may, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani turizmin son illər ən çox inkişaf edən və gəlirli sahələrdən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, son üç ayda respublikaya 120 minədək turist gəlib ki, bunun da nəticəsində 2 milyard 100 min manat gəlir əldə edilib.
Coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev turizmin inkişafına təsir edən müsbət və mənfi amillərdən danışıb. Alim Coğrafiya İnstitutunda turizmin inkişafı istiqamətində tədqiqatlar aparıldığını bildirib.
Sonra “Turizmin davamlı inkişaf problemləri”, “Turizmin inkişafında müasir tələblər və yanaşmalar” və s. mövzularda təqdimatlar olub. Çıxışlarda turizmin inkişafından, ölkəmizin ərazisinin, təbiətinin və mədəniyyətinin uşaqlara və gənclərə tanıdılmasında coğrafi bilgilərin rolundan danışılıb.