SİYASƏT
TürkPA Azərbaycanda referendumun gedişini müşahidə edəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumun gedişini izləmək üçün Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) daxil olan parlamentlərin deputatlarından ibarət qısamüddətli beynəlxalq müşahidəçilər missiyası Azərbaycana gəlib.
Qazaxıstan Parlamenti Majilisinin deputatı Nurlan Dulatbekovun rəhbərlik etdiyi bu qrupa Qırğızıstan və Türkiyə parlamentariləri də daxildir.
AZƏRTAC xəbər verir ki, müşahidə missiyası özünün iş qrafikinə uyğun olaraq rəsmi şəxslərlə, siyasi və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək, ümumxalq səsverməsinə hazırlığın gedişi ilə tanış olacaq, referendum günündə isə Bakıda yerləşən seçki məntəqələrində səsvermənin gedişini müşahidə edəcək.