REGİONLAR
Türk-İslam düşüncə və fəlsəfəsinin formalaşmasında Yusif Balasaqunlunun böyük xidmətləri olub
Şəki, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yusif Balasaqunlu XI əsr türk mədəniyyətinin ən böyük dahilərindən biridir. Türk-İslam düşüncə və fəlsəfəsinin formalaşmasında, inkişafında və yazılı ədəbiyyatda bilavasitə təzahüründə Yusif Balasaqunlunun çox böyük xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri türk dünyasının böyük şairi və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş Beynəlxalq Elmi Konfransın iştirakçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk araşdırmaları” Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Elman Quliyev Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Alimin sözlərinə görə, Yusif Balasaqunlunun müəllifi olduğu “Qutadqu-bilik” əsəri ilk türk yazılı abidəsidir və türk bədii təfəkkürünün ən yüksək zirvəsi hesab olunur. Yusif Xas Hacib bu əsəri ilə türk bədii düşüncəsinin Şərq ədəbiyyatında, Şərq regionunda möhtəşəmliyini, nüfuzunu bir daha təsdiqləyib.
Elman Quliyev bildirib ki, Şəkidə keçirilən Beynəlxalq Elmi Konfrans təkcə Yusif Balasaqunlu yaradıcılığına deyil, eyni zamanda, ümumtürk mədəniyyətinə, ümumtürk mədəni xəzinəsinə, irsinə verilən qiymətdir.